"Neandertallar insanın meymunabənzər əcdadıdır" iddiası saxtakarlıqdır

Darvinistlər Australopithecus-lar üçün istifadə etdikləri eyni metodu insan soyu olan neandertallar üçün də istifadə etmişdilər.

Neandertal adamı 1856-cı ildə Almaniyanın Düsseldorf şəhəri yaxınlığındakı Neander dərəsində tapılan fosillərlə elmi ədəbiyyata daxil oldu. Kəllə və bədənindəki sümüklərdə yerləşən qıvrımlar fosillərin təkamülçülər tərəfindən ibtidai insan növü kimi dəyərləndirilməsinə səbəb oldu.

1908-ci ildə Fransanın La Chapelle-aux-Saints ərazisində Neandertal adamına aid olduğu bildirilən, demək olar ki, tam, əskiksiz skelet tapıldı. Sümüklər dövrün məşhur paleontoloq və geoloqu Marsellin Bul tərəfindən birləşdirildi.

Bu birləşdirmə nəticəsində ortaya çıxan Neandertal adamı əyri duruşa, irəliyə doğru qabarıq kəlləyə malik idi. Bundan əlavə, ayaqları da oynaq hissədə bitişik idi, tam düz duruşa imkan vermirdi.

Bu görünüş sayəsində Neandertal adamı insanların zehinlərində ibtidai canlı kimi qaldı. Neandertal saxta rəsmlərdə də ibtidai meymun adamlar kimi göstərildilər.
Neandertal haqqındakı bu səhv fikir 100 ilə qədər davam etdi. Lakin 1950-ci ildə La Chapelle skeleti üzərində aparılan təhlillər skeletin sahibi olan Neandertal adamında bir növ oynaq infeksiyasının olduğunu müəyyən etdi. Əslində, sağlam fərdlər normal insan kimi yeriyə bilirdi.

1985-ci ildə eyni skelet Erik Trinkhaus adlı antropoloq tərəfindən təhlil edildi. Bu təhlil neandertalların dik yeridiyini təsdiqləməklə bərabər, o vaxta qədər gizli qalmış bir həqiqəti də üzə çıxardı: Marsellin Bul Neandertalı qəsdən əyri göstərmişdi.74 1950-ci ildə müəyyən edilən oynaq xəstəliyi canlının dik yeriməsinə mane olmurdu. Beləliklə, darvinist Bul Neandertalın əsl insan kimi dik yeriməsini qəbul etmək istəməmişdi.
E. Trinkhaus və V.V.Hauls “Scientific American” jurnalına verdikləri müsahibədə bu barədə belə deyirlər:

Bu gün bir çox elm adamı Neandertal insanının tamamilə dik şəkildə ayaq üstə durması və xəstəlik olmadığı şərtlərdə xüsusiyyətlərinin dövrümüzdəki insandan heç bir fərqi olmadığı haqqında həmfikirdir.

Digər tərəfdən neandertalların kəllə həcminin böyüklüyü də təkamülçüləri bu məsələdə ziddiyyətli vəziyyətə saldı. Bunun səbəbi isə neandertalların kəllə həcminin 1700 sm3 yaxın olması idi. Bu rəqəm dövrümüzdəki insan kəlləsindən 200 sm3 daha böyükdür. Homo Sapiens-dən böyük kəlləyə malik olan neandertalların təkamül cəhətdən “ibtidai” növ olması nəzəriyyə üçün böyük təzaddır.

Neandertal mütəxəssisi Erik Trinkhaus bu növ ilə bağlı həqiqəti belə etiraf etmişdir:
Neandertalların anatomiyasında və ya hərəkət, alətdən istifadə, zəka səviyyəsi, danışma qabiliyyəti kimi xüsusiyyətlərində müasir insandan aşağı hesab ediləcək heç bir şey yoxdur.

Şübhəsiz, neandertallar bir insan irqi olduqları üçün dövrümüzün irqləri ilə eyni xüsusiyyətlərə malikdirlər. Neandertal insanı bacarıqlı alət hazırlayan və mahir ovçu  idi. Hətta musiqi və incəsənətlə də məşğul olurdu. Eynilə dövrümüzdəki cəmiyyətdəki kimi mədəni və sosial səviyyəsi vardı, dini inancları vardı. Beləliklə,  neandertalların qurduqları sivilizasiya dövrümüzdəki sivilizasiyalardan çox da fərqli deyildi.

Neandertallarla bağlı darvinistləri çıxılmaz vəziyyətdə qoyan digər məsələ isə zaman problemidir. Tapılan fosillər neandertallarla dövrümüzdəki insanın eyni zamanda yaşadığını, hətta fərqli şəraitlərdə daha sonra da yaşadığını göstərir. Kaliforniya Universitetindən təkamülçü bioloq Françisko C. Ayala bu vəziyyəti belə etiraf edir:
Neandertalların anatomik cəhətdən müasir insanların əcdadı olduğu hesab edilirdi, amma indi müasir insanların ən azı 100.000 il əvvəl yaşadığını bilirik, Neandertal fosillərinin aradan çıxmasından daha əvvəl Orta Şərqdəki mağaralarda anatomik cəhətdən müasir insanların fosillərinin həm neandertalları təqib etməsi, həm də onlardan əvvəl gəlməsi təəccüblüdür. Bu mağaralardakı bəzi müasir insanlar 120.000-100.000 il əvvələ aiddirlər, neandertallar isə 60.000-70.000 illikdirlər; müasir insanlardan 40.000 il sonra gəlirlər. İki formanın başqa ərazilərdən köçərək yenidən bir-birlərinin yerinə keçdikləri yoxsa birlikdə olduqları və ya hibridləşmənin (mələzləşmənin) olduğu məlum deyil.

Beləliklə, insanın meymunabənzər əcdadı kimi göstərilməyə çalışılan neandertallar nəsli kəsilmiş insan irqidir. Dövrümüzdəki insanların öz irqlərinə xas olan fərqli xüsusiyyətlər daşıması kimi bu növ də ancaq fərqli irq xüsusiyyətlərinə malikdir. Bu xüsusiyyətlərin təkamülə dəlil kimi istifadə edilməsi böyük saxtakarlıqdır. Belə ki, Neandertal adamı fosili 1978-ci ildə elmi ədəbiyyatdan çıxarılmışdır. Ancaq neandertallar hələ də təkamülün böyük dəlili kimi darvinist mənbələrdə verilir.

Dövrümüzdə Neandertal adamı ilə bağlı fərziyyələrin hələ də bəzi təkamülçü KİV-lərində davam etdirilməsindəki məqsəd neandertallarla bağlı həqiqətləri bilməyən, bu saxta ara keçid formanın elmi baxımdan ləğv olunduğundan xəbəri olmayan insanlara təsir etmək, onları aldatmaqdır. Elə bu səbəbdən, Australopithecus-lar və neandertallarla bağlı həqiqətlərin hər fürsət düşdükdə gündəmə gətirilməsi və darvinist yalana son verilməsi böyük əhəmiyyət daşıyır.