Axırzamanın ən böyük fitnəsi dəccal

Dünya həyatı yaxşılarla pislərin, gözəlliklərlə çirkinliklərin üzə çıxdığı, insanların əməlləri ilə sınandığı, iman gətirənlərin və gətirməyənlərin imtahan edildiyi müvəqqəti məkandır. Bütün varlıqları və bu imtahan mühitini yaradan Allah imtahan üçün hər dövrdə iman gətirənlərə qarşı inkar edən, günahkar düşmən yaratmışdır. Hər dövrdə peyğəmbərlərin və iman gətirənlərin qarşısına çıxan bu inkarçı Peyğəmbərimizin (s.ə.v) hədislərinə görə hz. İsanın (ə.s) yenidən yer üzünə gəlməsinin gözlənildiyi, hz. Mehdinin (ə.s) isə zühur edəcəyi dövrdə, yəni axırzamanda gələcək “dəccal” olacaq.

“Dəccal” ərəb mənşəli söz olub “dəcl” kökündən törəmişdir. Lüğətlərdə verilən mənaya görə dəccal “yalançı, hiyləgər, zehinləri, ürəkləri, pislə yaxşını, haqla batili qarışdıran, bir şeyi ört-basdır edib əsl üzünü gizlədən, bucaq-bucaq hər yeri dolaşan müfsid (nifaq salan, pozan) və məlun (lənətlənmiş, qovulmuş)” varlıqdır.

Peyğəmbərimizin (s.ə.v) hədislərində dəccal axırzamanda (dünyanın son dövrlərində) ortaya çıxacaq ən böyük mənfi güc kimi xəbər verilmişdir. Axırzman kimi qeyri-adi hadisələrin baş verdiyi bu dövrdə zühurunu Allah`ın izni ilə çox yaxında görəcəyimiz hz. İsa (ə.s) və hz. Mehdiyə (ə.s) düşmənçilik edərək bütün dünyaya şeytani sistemini hakim etməyə çalışacaq dəccal tarixin bəlkə də ən böyük inkarçılarından biridir. Belə ki, Peyğəmbərimiz (s.ə.v) dəccalın fitnəsinin böyüklüyünü belə tərif etmişdir:
Adəmin yaradılışından qiyamətə qədər keçən müddət ərzində dəccaldan daha böyük hadisə yoxdur.

Dəccal, rəvayətlərə görə, doğrunu yanlış, yanlışı doğru, yaxşını pis, pisi yaxşı göstərən fitnəkardır. “Şübhəsiz, yanında bir cənnət və bir cəhənnəm (adlandırdığı iki çay) olması da onun fitnəsidir. Əslində, cəhənnəmi cənnət, cənnəti də cəhənnəmdir...” hədisində də bildirildiyi kimi, onun yaxşı, gözəl, doğru adlandırdığı hər şey insana fəlakət gətirən pislikdir. İnsanlara pis kimi göstərdiyi dəyərlər isə, əslində, onların xeyrinədir. Ancaq bəzi insanlar hadisələri Quran əxlaqına və Peyğəmbərimizin (s.ə.v) sünnətinə əsasən dəyərləndirmədiklərinə görə, dəccalla tabe olacaq və Allah`ın fitrətindən üz çevirəcəklər. Bunun nə qədər böyük xəta olduğunu isə dəccalın hazırladığı zülm mühiti sayəsində anlayacaqlar. Bu səbəbdən, Peyğəmbərimiz (s.ə.v) insanlara xəbərdarlıq etmiş və dəccalın pis kimi göstərdiyi şeyin yaxşı olduğunu bilərək hərəkət etmələrini söyləmişdir:
Dəccal çıxacaq. Yanında su və alov var. İnsanların su kimi gördüyü yandırıcı alovdur. İnsanların alov kimi gördükləri də soyuq və şirin sudur. Sizdən kim bunu dərk etsə, alova tərəf getsin, özünü alova atsın. Əslində, o, şirin və gözəl sudur.

Yaşadığımız dövr hədislərdə bildirilən bir çox müxtəlif əlamətlərdən başa düşüldüyü kimi, axırzamandır. Peyğəmbərimizin (s.ə.v) hədislərinə əsasən, axırzaman hal-hazırda yaşanır və hz. İsanın (ə.s) yenidən yer üzünə gəlişi və hz. Mehdinin (ə.s) zühuru Allah`ın istəyi ilə bu dövrdə gözlənilir. Hədislərdə xəbər verildiyi kimi, yaşanan axırzamanda dəccalın fitnəsi də hiss edilir, sevgisizlik, üsyankarlıq, pislik, ayrılıq, qarşıdurmalar və tənəzzül dünyanın hər tərəfinə yayılır. İnsanların böyük hissəsi dəccalın fitnəsinə məruz qalıb, gözəl əxlaqdan uzaqlaşmış, inkara əsaslanan şeytani sistemi qəbul etmişdir.

Dəccalın yaşadığımız axırzamanda ideoloji cəhətdən ən böyük fitnəsi isə darvinizm olmuşdur. XIX əsrin ən böyük xurafatı olan darvinist ideologiya əvvəllər etirazla qarşılansa da, dəccalın təsiri ilə XX əsrdə cəmiyyətlərə yayılmış, kütlələri arxasından aparmış, bir çox tərəfdar toplamış, dərsliklərə, elmi ədəbiyyata daxil olmuşdur. Yalan olmasına baxmayaraq, elmilik iddiası ilə ortaya çıxıb heç bir elmi dəlillə dəstəklənməsə də, dəccalın təsiri ilə bütün dünyanı aldatmağı bacarmışdır. Hədislərdə bildirildiyi kimi, dəccalın təsiri ilə insanlar olmayan bir şeyi qəbul etmiş, elmlə heç bir əlaqəsi olmayan nəzəriyyəni “həyatın mənşəyinə dair açıqlama” kimi mənimsəmişdir. Uşaqlar orta məktəb dövründən etibarən məktəblərdə Darvinin təkamül nəzəriyyəsini oxumağa başlamış, ən çox seyr edilən darvinizm tərəfdarı olan telekanallar təkamülə dair saxta ssenariləri elmi fəaliyyət kimi ön plana çəkmiş, universitet professorları bu saxtakarlığı hər vəchlə müdafiə etmişdir. Bu, tamamilə batil inanc sistemidir. Darvinizm batil din kimi ortaya çıxmış, insanları bu batil dinə kor-koranə inandırılmağa çalışmış, inanmayanlar təcrid olunmuş və susdurulmuşdur. Təkamül nəzəriyyəsinin lehinə heç bir elmi dəlil yoxdur. Olması da mümkün deyil. Ancaq darvinizm saxta inanc olduğuna görə, təkamül nəzəriyyəsi adından saxta dəlillər daima uydurulur, təkamülü çürüdən həqiqi elmi dəlillər isə ört-basdır edilir. Bu saxtakarlığın həddi-hüdudu yoxdur. Darvinizm Allah`ı inkara əsaslanan, batil, saxta inanc sistemi olması ilə dəccalın məlum olan və hədislərə əsasən, axırzamanda gözlənilən böyük oyunudur.

Canlıların təsadüfən meydana gəldiyini iddia edən, insanın meymun əcdadları olduğunu müdafiə edən, insanı yer üzündə məsuliyyətsiz, nəzarətsiz heyvan olduğuna inandırmağa çalışan, güclünün zəifi əzməsi kimi batil fikirlərə əsaslanaraq kütlələri qətl edən, müharibələri başladan, insanlara mənən kiçik və alçaq gözlə baxan bu saxta inanc sistemi dəccalın ən böyük oyunlarından biri olan darvinizmdir. Lakin 150 ildən bəri davam edən bu oyun XXI əsrin əvvəllərində artıq məhv olmuş vəziyyətdədir. Dəccalın oyunu bitmişdir. Dəccal artıq ölmüşdür. Kütlələrin aldadılması sona çatmışdır. Batil din kimi mənimsənilən bu ideologiya Allah`ın haqq dini qarşısında yerlə yeksan olmuşdur. Allah, şübhəsiz, Öz dinini üstün qılandır. Uca Rəbbimiz bir ayəsində belə buyurur:

Günahkarlar istəməsələr də, Allah sözləri ilə haqqı gerçəkləşdirəcək! (Yunis surəsi, 82)