Elə buna görə, bu yalana qarşı diqqətli olmaq lazımdır!

Jurnalist Lari Uisam darvinizmin saxta din olmasının açıqlandığı və darvinist diktatorluğun təzyiq və israrlarından bəhs edildiyi Expelled “No Intelligence Allowed” (Qovulmuş “heç bir intellektə yer yoxdur”) sənədli filmində mövzu ilə bağlı belə şərh verir:
Təkamül nəzəriyyələrinin hamısında qəti şəkildə iddia edilən şey ya Allah`ın olmaması (Allah`ı tənzih edirik), ya da Allah`ın yaratdıqlarına nəzarət etməməsidir (Allah`ı tənzih edirik). Buna görə, təbii olaraq bir çox təkamülçünün də dediyi kimi, təkamül ateizm üçün ən güclü vasitədir.

Darvinistlər Allah inancını qəti şəkildə inkar etdikləri halda, insanlara qarşı bu çirkin oyunu oynayırlar. Lakin bu çirkin yalana inananlar bu həqiqəti düşünmürlər: Allah, şübhəsiz, bütün varlıqları müxtəlif səbəblərlə yaratmağa qadirdir. Rəbbimiz istəsə, canlıları təkamüllə yarada bilərdi. Lakin belə yaratmamışdır. Bütün varlıqlar yer üzündə yoxdan var olmuş, yoxdan yaradılmışdır.

Quranda təkamülə işarə edən heç bir ayə də yoxdur. Qurana əsasən, bütün kainat və canlılar Rəbbimizin “Ol” əmri ilə yaradılmışdır. Allah endirdiyi bütün ilahi dinlər vasitəsilə insanlara bütün kainatı yoxdan, bircə əmrlə yaratdığını və ona istədiyi formanı verdiyini bildirmişdir. Belə ki, yer üzündəki dəlillərə baxdıqda da yaradılışın Quranda tərif edildiyi şəkildə olduğunu görərik. Tapılan hər canlı növü mükəmməldir. Ani surətdə, mükəmməl görünüşdə ortaya çıxmış və heç bir dəyişikliyə məruz qalmamışdır. Canlılar milyonlarla il boyu dəyişilməyiblər. Canlıların cansız maddələrdən əmələgəlmə ehtimalı yoxdur. Bircə zülalın belə təsadüfən əmələ gəlməsi qeyri-mümkündür. Qeyri-adi kompleksliyə malik canlı növlərinin bir-birinə çevrilmələri iddiası elmdən tamamilə uzaqdır. Bir canlıya tamamilə yeni, faydalı informasiya əlavə edən mexanizm yoxdur. Elm bütün canlıların zülallarına, hətta atomlarına qədər möhtəşəm kompleksliyə malik olduqlarını, ani surətdə ortaya çıxdıqlarını və bir-birlərinə çevrilmədiklərini qəti və inkaredilməz dəlillərlə ortaya qoymuşdur. Beləliklə, Allah`ın təkamüllə yaratdığına dair iddia, darvinist yalanın bir hissəsidir (mövzu ilə əlaqədar ətraflı məlumat üçün baxın: Harun Yahya, Kuran Darvinizmi Yalanlıyor)

Yaradılmış hər şey Allah`ın qüdrətinin bir dəlilidir. Quranda bir çox ayədə Allah`ın bu üstün yaratması xəbər verilmişdir:

Göyləri və yeri icad edən  Odur. Bir işin yaranmasını istədiyi zaman, ona yalnız: “Ol !” –deyər, o da  olar. (Bəqərə surəsi, 117)

Allah yanında İsa da Adəm kimidir. Allah onu torpaqdan yaratdı. Sonra ona: “Ol!” – dedi, o da oldu. (Ali-İmran surəsi, 59)

Göyləri və yeri haqq olaraq yaradan Odur. Onun: “Ol!” deyəcəyi gün (hər şey) dərhal olar. Onun sözü haqdır. Surun çalınacağı gün hökm Onundur. Qeybi və aşkarı bilən də Odur. O, hikmət sahibidir, (hər şeydən) xəbərdardır! (Ənam surəsi, 73)

Biz hər hansı bir şeyi istədikdə ona sözümüz: “Ol!” deməkdir. O da dərhal olar. (Nəhl surəsi, 40)

Məgər göyləri və yeri yaradan onların bənzərini yaratmağa qadir deyilmi?! Əlbəttə (qadirdir). (Hər şeyi) yaradan, (hər şeyi) bilən Odur! Bir şeyi istədiyi zaman Onun əmri ona ancaq: “Ol!” deməkdir. O da dərhal olar. (Yasin surəsi, 81-82)

Dövrümüzdə elm materialist-təkamülçü iddianın əsassızlığını göstərir. Təkamül nəzəriyyəsinin iddiasının əksinə, ətrafımızdakı hər bir yaradılış dəlili kainatda təsadüfə əsla yer olmadığını insanlara sübut etmişdir. Əgər yer üzündə Allah`ın təkamüllə yaratdığına dair dəlillər tapılsaydı və Allah Quranda bunu bizə bildirsəydi, “Rəbbimiz təkamüllə yaratmışdır” düşüncəsi, əlbəttə, inananlar tərəfindən dərhal qəbul edilər və müdafiə edilərdi. Ancaq Allah Quranda “Ol” əmri ilə yaratdığını xəbər verir və təkamüllə yaratmağa dair heç bir ayə yoxdur. Həm də qəti və aydın şəkildə təkamülə dair bircə elmi dəlil yoxdur. Belə olduqda, həqiqətlər aydındır. Göylərin, yer üzünün və bütün canlı varlıqların tədqiq edilməsi ilə üzə çıxan hər detal Allah`ın güc və qüdrətinin dəlili deməkdir. Bütün varlıqlar ulu Rəbbimiz Allah`ın əmri ilə bir anda, yoxdan yaradılmışlar. Şübhəsiz, yaratmaq üçün Allah`ın səbəblərə ehtiyacı yoxdur (Allah`ı tənzih edirik). Darvinistlər elə bu mühüm cəhəti qavramalıdırlar. Allah bir ayəsində belə buyurur:

Allah`ın verdiyi hökmranlıq üzündən (azğınlaşaraq) İbrahim ilə Rəbbi barəsində mübahisə aparan şəxsi görmədinmi? İbrahim: “Mənim Tanrım həm dirildir, həm də öldürür”, - dediyi zaman, o: “Mən də həm dirildir, həm də öldürürəm”, - demişdi. İbrahim ona: “Allah Günəşi şərqdən doğdurur, bacarırsansa, sən onu qərbdən doğdur!” – dedikdə, o kafir donub qalmışdı. Həqiqətən, Allah zülm edənləri düz yola yönəltməz! (Bəqərə surəsi, 258)

Allah`ın təkamüllə yaratdığını təlqin etməyə çalışanlar cinlərin və mələklərin necə yaradıldıqlarını da açıqlamalıdırlar. Bu şəxslər mələklərin və cinlərin yaradılışı məsələsi gündəmə gələndə susurlar. Allah cinlərin və mələklərin yaradılışını ayələrində bildirir:

Biz insanı quru və şəklə düşmüş qara palçıqdan yaratdıq! Cannı da daha öncə tüstüsüz oddan xəlq etmişdik. (Hicr surəsi, 26-27)

Göyləri və yeri yoxdan yaradan, ikiqanadlı, üçqanadlı və dördqanadlı mələkləri elçi edən Allah`a həmd olsun! (Allah) məxluqatda istədiyini artırar. Həqiqətən, Allah hər şeyə qadirdir! (Fatir surəsi, 1)

İnsanın və canlıların təkamüllə meydana gəldiyini iddia edənlər nurdan yaradılmış mələklərin, alovdan yaradılmış cinlərin əmələ gəlməsini, əlbəttə, təkamüllə açıqlaya bilməzlər. Allah`ın qədrini təqdir edə bilməyən, Allah`ın bütün səbəblərdən uzaq olduğunu başa düşməyən və Rəbbimizin hər şeyi ancaq “Ol” əmri ilə yaratdığını qəbul etməyən insanlar üçün mələklərin və cinlərin varlığı bütün saxta iddiaları aradan qaldırır. Çünki cinlərin və mələklərin varlığı bu açıq həqiqəti üzə çıxarır: mələklər və cinlər təkamüllə yaradılmadıqları kimi, insan da təkamüllə yaradılmamışdır.

Darvinizmi kor-koranə müdafiə edənlər Quranda bildirilən hz. Musanın (ə.s) əsasının ilana çevrilməsini və hz. İsanın (ə.s) palçıqdan düzəltdiyi quşun canlanmasını əsla açıqlaya bilməzlər. Uca Allah hz. Musanın (ə.s) əsasının ilana çevrilməsini ayələrində belə xəbər verir:

Dedi: “O mənim əsamdır. Ona söykənir, onunla qoyunlarıma xəzəl silkələyirəm. O, başqa işlərdə də karıma gəlir!” (Allah) buyurdu: “Ya Musa! Onu  at!” (Musa əsanı yerə) atan kimi o, dərhal bir ilan olub sürətlə sürünməyə başladı. (Taha surəsi, 18-20)

Biz də Musaya: “Əsanı tulla!” – deyə vəhy etdik. Bir də (baxıb gördülər ki) əsa onların uydurub düzəltdikləri bütün şeyləri udur. (Əraf surəsi, 117)

Hz. Musanın (ə.s) söykəndiyi əsası Allah`ın əmri ilə bir anda canlı, çoxalan, qidalanan, mükəmməl, tam və qüsursuz ilana çevrilmişdir. Bir taxta parçası Allah`ın istəyi ilə bir anda mükəmməl ilan olmuşdur. Bu dəlil Quranda təkamül nəzəriyyəsinə dəlil olması iddiasını qəti şəkildə məhv edir. Rəbbimiz öz istəyi ilə hz. İsanın palçıqdan düzəltdiyi quşu canlı quşa çevirməsini ayəsində belə xəbər verir:

Allah belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənə və anana nemətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən beşikdə olanda da, yetkin çağında da adamlarla danışırdın. Sənə kitabı, hikməti, Tövratı və İncili öyrətmişdim. O zaman sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verir və Mənim iznimlə ölüləri dirildirdin. Sən İsrail oğullarına açıq-aşkar möcüzələr gətirdiyin zaman Mən (onların bəlasını) səndən dəf etmişdim. Onlardan küfrə batanlar isə belə demişdilər: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!” (Maidə surəsi, 110)

Hz. İsanın (ə.s) palçıqdan düzəltdiyi quş Allah`ın izni və istəyi ilə bir anda canlı, mükəmməl, tam və qüsursuz qanad quruluşu ilə uçan, çoxalan, qidalanan quşa çevrilir. Budur, bu yoxdan yaradılış darvinistlərin əsla izah edə bilmədiyi böyük möcüzədir və yer üzündəki bütün canlıların yoxdan yaradılışına dəlildir.

Bütün bunların ortaya qoyduğu aydın nəticə var. Təkamüllə Allah inancının ziddiyyət təşkil etmədiyini iddia edən darvinistlər, əslində, dindar insanları böyük yalana sürükləməyə çalışır, onların səmimi imanlarını istismar etmək üçün cəhd göstərirlər. Bu gün Allah inancının qarşısındakı ən böyük təhlükə və maneələrdən biri darvinizmdir. Darvinizm birbaşa Allah inancına qarşı mübarizə aparan dəccalın ən təsirli və böyük oyunudur. Allah`a inanan səmimi dindarlar bu təhlükəni görüb buna qarşı ciddi elmi fəaliyyət göstərməlidir. Bu böyük təhlükəni zərərsiz hesab edib onu dəstəkləmək təhlükəni daha da böyüdəcək, Allah inancına qarşı mübarizə aparan təhlükəli axına dəstək verəcəkdir. Unutmaq olmaz ki, darvinizm saxta və batil bütpərəst dinidir və yeganə məqsədi insanları dinsizliyə aparmaqdır.